Kamera önündə şou, əməliyyat masasında təhlükə: “New Med” klinikasından gələn “izahat” üzründən böyükdür!
Sentyabrın 16-da Mediatvaz.com portalında Faktum.az-a istinadən Həsən Əliyev 351 ünvanında yerləşən “New Med” klinikasında lentə alınmış dəhşətli görüntülərlə bağlı məlumat yayımlamışdıq.
Xəbər verdiyimiz kimi, tibb müəssisəsindən daha çox əyləncə mərkəzini xatırladan həmin görüntülərdə tibb heyətinin əməliyyatxana şəraitində kameraya qarşı rəqs etməsi, gülüşməsi və steril zonanı oyun-oyuncağa çevirməsi aydın görünürdü.
Kamera Önündə “Şou”, Əməliyyat Masasında Təhlükə: “New Med”də Şənlik Var!
Ən dəhşətlisi isə aktiv əməliyyat prosesində pasiyentin bilavasitə yanında duran heyətin üzündə tibbi maskanın olmaması idi. Lakin məqalə dərc olunduqdan bir gün sonra redaksiyamızla saxlanılan əlaqə və gətirilən “əsaslar” məsələnin mahiyyətini daha da acınacaqlı vəziyyətə saldı.
Portalımızın baş redaktoruna zəng edən tanımadığımız şəxs hadisənin bir il əvvəl baş verdiyini bildirərək verilən xəbərə bəhanə gətirməyə çalışıb.
Zəng edənin iddialarına görə, fotoda xəstənin üzü görünmürsə problem yoxdur, foto kənar şəxs tərəfindən çəkilib və ən rüsvayçısı – “Keyitmə üsulu ilə əməliyyat zamanı maskasız da olmaq olar”.
Necə deyərlər, “üzrü qəbahətindən böyük”.
Əvvəla bu görüntü klinikada hökm sürən ciddiyət və , məsuliyyətsizliyin bariz nümunəsidir.
Hadisənin nə vaxt baş verməsindən asılı olmayaraq, bu özbaşınalıq “New Med” klinikasının divarları arasında baş verib və bu fakt müəssisənin ümumi iş prinsipi, sterilizasiya standartları ilə peşə etikasına verdiyi “dəyəri” də açıq şəkildə ortaya qoyur.
“Xəstəni keyitmə üsulu ilə maskasız əməliyyat etmək olar” iddiası isə tibb elminə, infeksion nəzarət qaydalarına və ibtidai antiseptika normativlərinə tamamilə ziddir.
Əksinə, kəsik aparılmış pasiyentin immun sistemi və açıq toxumaları xarici mikroblara qarşı daha həssas olur. Maskasız tibb heyətinin danışarkən və rəqs edərkən havaya yaydığı mikrodamcılar birbaşa açıq yaraya düşərək ağır infeksion fəsadlara və sepsis riskinə yol açır.
Bir də deyir ki, "hadisə bir il əvvəl olub, hazırda o şəxslər həmin klinikada çalışmır".
Bəs hadisənin nə zaman baş verməsi, yaxud həmin şəxlərin artıq orada çalışmaması klinikanı məsuliyyətdən azad edirmi?
Yeri gəlmişkən, görəsən sözügedən tibb müəssisəsinin əməliyyat bloku Səhiyyə Nazirinin 2009-cu il 37 saylı təlimatına cavab verirmi?
Vintilzasiya sistemi, sanitar - epidemioloji durumu normalara uyğundurmu?
Qarşı tərəfin iddia etdiyi daha bir dəhşətli məqam fotonun “kənar şəxs” tərəfindən çəkilməsidir. Əgər steril zonaya, fəaliyyətdə olan əməliyyat otağına kənar şəxs sərbəst şəkildə daxil ola, əlində telefonla çəkiliş apara bilirsə, bu artıq həmin klinikada təhlükəsizlik və sanitariya qaydalarının sıfır səviyyəsində olduğunu göstərir. İnsan həyatının tərəzidə olduğu bir məqamda cərrahiyyə masasını TikTok şou meydançasına çevirmək, sonra isə bunu gülünc bəhanələrlə sığortalamağa çalışmaq nə peşə etikasına, nə də insani vicdana sığır.
Mediatvaz.com olaraq Səhiyyə Nazirliyini, Analitik Ekspertiza Mərkəzini “New Med” klinikasında baş verən bu antiseptik və etik özbaşınalığa dərhal hüquqi qiymət verməyə, vətəndaşların sağlığını təhlükəyə atanlar barəsində kəskin tədbirlər görməyə çağırırıq.
Əməliyyat masasında müdafiəsiz qalan pasiyentlərin həyatı kimsənin sosial şəbəkə həvəsinin və ya məsuliyyətsizliyinin qurbanı ola bilməz.
Mövzunu diqqətdə saxlayacağıq.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: