Putinin böyük arzusu: ABŞ və Çinlə “Böyük üçlük” sammiti keçirmək...

Dünən, 11:06 25 dəfə baxılıb

 

Trampın mümkün iştirakı ilə Rusiya, ABŞ və Çin liderlərinin noyabrda Şençjendə üçtərəfli görüş keçirməsi beynəlxalq siyasətdə yeni güc konfiqurasiyası ilə bağlı müzakirələri gücləndirib

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Neue Zürcher Zeitung nəşrinin təhlilinə görə, Vladimir Putin ABŞ və Çin liderlərinin iştirakı ilə “Böyük üçlük” formatında sammit keçirilməsində maraqlıdır.

Donald Trampın belə bir dəvəti qəbul edib-etməyəcəyi və üçtərəfli görüşün baş tutub-tutmayacağı isə hələlik məlum deyil. Noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammitinin kuluarlarında ABŞ, Çin və Rusiya arasında ayrıca görüşün keçirilməsi ehtimalı müzakirə olunur. Bu ideyanın Kreml tərəfindən irəli sürüldüyü, Putinin isə APEC sammitində iştirakını təsdiqlədiyi bildirilir.

ABŞ, Rusiya və Çin liderlərinin eyni masa arxasında görüşməsi bir sıra ölkələrdə narahatlıq yarada bilər. Belə bir format Hindistanda da müzakirələrə səbəb olub. Dehlidə mümkün yeni “Böyük üçlük” güc konfiqurasiyası fonunda ölkənin öz maraqlarını qorumaq üçün hansı addımları ata biləcəyi barədə fikir mübadiləsi aparılır.

Rusiya və ya Çinin geosiyasi təsirinin artmasından narahat olan sərhəd ölkələrinin də belə görüşə diqqətlə yanaşacağı qeyd olunur. Avropada bu ölkələr sırasında Polşa, Baltikyanı dövlətlər və Ukrayna, Asiyada isə Tayvan, Filippin və Yaponiya göstərilir. Bu dövlətlər Çinin artan hərbi imkanlarını və Rusiyanın Avropadakı siyasətini təhlükəsizlik məsələləri baxımından mühüm amil kimi qiymətləndirirlər.

Trampın Moskva və Pekinlə mümkün razılaşma çərçivəsində bu ölkələrin maraqlarını nəzərə almaya biləcəyi ilə bağlı narahatlıqların tam aradan qalxmadığı vurğulanır.

ABŞ prezidentliyinin ilk dövrünün əvvəlində bir sıra analitiklər Trampın Rusiya və Çinlə böyük razılaşmaya gedərək, daha zəif qonşuların hesabına Moskva və Pekinə müəyyən təsir dairəsi təqdim edə biləcəyini ehtimal edirdilər. Lakin belə bir razılaşma baş verməyib. Təhlildə bunun səbəblərindən biri kimi ABŞ Konqresinin və Amerika ictimaiyyətinin belə yanaşmanı dəstəkləməsinin çətin olacağı göstərilir.

Bununla yanaşı, Tramp Rusiya və Çinlə qarşıdurmada ABŞ-ın müttəfiqlərinə ardıcıl və sərt dəstək siyasəti yürütməyib. ABŞ Ukraynaya birbaşa dəstəyini əhəmiyyətli dərəcədə azaldıb. Tramp Avropadakı ABŞ hərbçilərinin sayının azaldılması ehtimalını dəfələrlə gündəmə gətirib. Eyni zamanda Avropa ölkələrinin Rusiya ilə bağlı hibrid təhdidlərlə üzləşdiyi bir vaxtda ABŞ prezidentinin Vladimir Putinlə mütəmadi telefon danışıqları apardığı və Ukrayna məsələsi üzrə əsas danışıqlar aparan nümayəndələrini yenidən Moskvaya göndərdiyi qeyd olunur.

Trampın Asiyadakı müttəfiqlərinə verdiyi mesajlar da birmənalı qiymətləndirilmir. Tayvan, Cənubi Koreya, Yaponiya və Filippin ABŞ-ın Çin və Şimali Koreya ilə qarşıdurmada onlara hansı səviyyədə dəstək göstərəcəyinə dair tam əminliyə malik deyil. Şimali Koreya isə Pekinin müttəfiqi kimi qəbul olunur.

ABŞ prezidentinin Çin lideri Si Tsinpinlə münasibətlərini müsbət ifadələrlə xarakterizə etməsi də regiondakı bəzi ölkələrdə narahatlıq doğuran amillərdən biri kimi təqdim edilir.

Rusiya üçün noyabrda mümkün “Böyük üçlük” görüşü Moskvanın baxımından əhəmiyyətli diplomatik hadisə ola bilər. Təhlildə belə bir görüşün Rusiyanın seçdiyi xarici siyasət kursunun nəticəsi kimi təqdim edilə biləcəyi və Moskvanın ABŞ tərəfindən böyük güc kimi qəbul edilməsinə dair siyasi görüntü yarada biləcəyi qeyd olunur.

Məqalədə Putinin iki əsas strateji məqsədinin olduğu irəli sürülür: Moskvanın Sovet İttifaqı dövrünə bənzər regional üstünlüyünün bərpası və ABŞ tərəfindən Rusiyanın bərabərhüquqlu tərəfdaş kimi tanınması.

Putinin Tramp və Si Tsinpinlə eyni vaxtda danışıqlar masasında əyləşməsi belə bir görüntü yarada bilər. Təhlilə görə, bu, üç dövlətin qlobal məsələlər üzrə daha sıx koordinasiya etdiyi yeni siyasi formatın başlanğıcı kimi də qəbul oluna bilər. Bununla belə, belə bir nəticənin avtomatik olaraq yeni beynəlxalq idarəetmə sisteminin formalaşması anlamına gəlmədiyi də nəzərə alınır.

Trampın öz administrasiyasındakı bəzi məsləhətçilərin və digər rəsmilərin ehtiyatlı yanaşmalarını nəzərə almadan şəxsi danışıqlar aparmaq imkanlarına güvənə biləcəyi ehtimal edilir. Si Tsinpinin isə belə üçtərəfli formatda danışıqların dinamikasına ikitərəfli görüşlə müqayisədə daha çox nəzarət etmək imkanına malik ola biləcəyi irəli sürülür. Təhlildə Pekinin Moskva ilə koordinasiyalı şəkildə Trampı müəyyən güzəştlərə sövq edə biləcəyi ssenarisi də nəzərdən keçirilir.

Putin dəfələrlə Trampın Avropada sülh əldə etmək təşəbbüsləri ilə bağlı gözləntilərin reallaşmasına mane olub. Si Cinpin isə ABŞ-Çin ticarət qarşıdurması zamanı Pekinin sərt mövqedən geri çəkilmədiyini nümayiş etdirib və bu, Vaşinqtonun müəyyən məsələlərdə daha ehtiyatlı davranmasına səbəb olub.

ABŞ və Çin arasında qarşıdurmaya, eləcə də Rusiya ilə münasibətlərdə ciddi fikir ayrılıqlarına baxmayaraq, Tramp şəxsi danışıqlar vasitəsilə hər iki ölkənin lideri ilə əsaslı irəliləyişə nail ola biləcəyinə inanır. Təhlildə isə hazırkı vəziyyətin daha çox dalana dirənmiş proses kimi qiymətləndirildiyi, tərəflərdən heç birinin öz gündəliyini tam şəkildə irəli apara bilmədiyi və qüvvələr balansının əsaslı şəkildə dəyişmədiyi bildirilir.

“Böyük üçlük” formatında görüşün əsas risklərindən biri Rusiya və Çinin ABŞ-ın geosiyasi rəqibləri kimi üçtərəfli danışıqlarda Amerika prezidentinə qarşı daha koordinasiyalı mövqe tutması ola bilər. Digər ssenari isə görüşün konkret nəticələr verməyən danışıqlar raunduna çevrilməsidir.

Təhlildə Trampın Rusiya və Çinlə münasibətlərdə danışıqlar yolu ilə bütün tərəflər üçün faydalı həllər əldə etməyin mümkünlüyünə dair yanaşmasının əvvəlki dövrlə müqayisədə daha mürəkkəb geosiyasi reallıqla üzləşdiyi vurğulanır.

Məqaləyə görə, Rusiya və Çin ABŞ prezidenti ilə danışıqları özlərinin daha geniş geosiyasi strategiyasının bir hissəsi kimi nəzərdən keçirirlər. Təhlildə Moskva və Pekinin Qərbin zəiflədiyini düşündüyü və bu səbəbdən kompromisə getməkdə maraqlı olmadığı irəli sürülür. Müəllif Rusiya və Çin üçün əsas məsələnin dialoqdan daha çox iqtisadiyyat, texnologiya və hərbi sahələrdə güc siyasəti olduğunu iddia edir.

Təhlilin sonunda ABŞ-ın Rusiya və Çinlə qarşıdurmanın daha da kəskinləşməsinin qarşısını almaq üçün çəkindirmə imkanlarını nümayiş etdirməsinin vacibliyi vurğulanır. Bunun üçün Vaşinqtonun Moskva və Pekinə qarşı güc balansını qorumaq niyyətini aydın şəkildə göstərməli olduğu qeyd edilir. Eyni zamanda Trampın Moskva və Pekinlə danışıqlara meylli olması bu strategiyanın necə həyata keçiriləcəyi ilə bağlı suallar doğurur.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930