Özünü vəzifəli şəxs kimi təqdim edib işə düzəltmək vədi ilə 31 minlik dələduzluq etdi

Dünən, 10:08 65 dəfə baxılıb

 

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Elçin İsmayılovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. “Konstitusiya və Suverenlik ili” münasibətilə ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının 2.12-ci bəndinə əsasən təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə təqsirli bilindiyi Cinayət Məcəlləsinin (CM) 333.4-1-ci maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasından, həmin hökmlə barəsində CM-in 70-ci maddəsinə əsasən 1 il müddətinə sınaq müddəti təyin edilməklə şərti məhkum edilməsi ilə bağlı azad olunub. Hökm və qərardan CM-in 67-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilib. Elçin İsmaylovun üzərində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlandığı 2 ay 10 gün müddət ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 3 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İttihama görə, Elçin İsmayılov tamah niyyəti ilə ayrı-ayrı şəxslərin etibarından sui-istifadə edərək onları aldadıb və müxtəlif epizodlar üzrə pul vəsaitlərini ələ keçirib.

İlk epizod Saatlı şəhərində baş verib.

Belə ki, Elçin İsmayılov tanışı olan zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) özünü hüquq-mühafizə orqanlarının birinin əməkdaşı kimi təqdim edib. O, zərərçəkmiş şəxsə Saatlı şəhərində yerləşən Saatlı Mədəniyyət Evində işə düzəldəcəyinə dair yalan vəd verib. S.S. bu vədə inanaraq 2024-cü ildə Saatlı şəhərindəki bankomatın qarşısında Elçin İsmayılova 2 200 manat pul verib. Təqsirləndirilən şəxs həmin vədə əməl etməyərək pulu mənimsəyib və S.S.-ə 2 200 manat məbləğində maddi ziyan vurub.

Cinayət işində növbəti epizod da dövlət qurumunda işə düzəltmək vədi ilə bağlı olub. Elçin İsmayılov bu dəfə digər tanışı olan zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) özünü hüquq-mühafizə orqanlarının birinin əməkdaşı kimi təqdim edib. O, zərərçəkmiş şəxsi Müdafiə Nazirliyinin Mülki Müdafiə Qoşunlarında işə qəbul etdirəcəyini vəd edib. D.D. vədə inanaraq 2024-cü il “Birbank” tətbiqi vasitəsilə təqsirləndirilən şəxsin bank kartına 4 000 manat göndərib.

İttihamda həmin pulun da işə düzəltmək vədi adı ilə alındığı və sonradan zərərçəkmiş şəxsə vəd edilən işin təmin olunmadığı qeyd edilir.

Cinayət işinin ən böyük məbləğli epizodu isə zərərçəkmiş T.T. (adı, soyadı şərtidir) ilə bağlıdır. Elçin İsmayılov bu şəxsi də özünü hüquq-mühafizə orqanlarının birinin əməkdaşı kimi təqdim etməklə aldadıb və həmin quruma işə düzəldəcəyinə dair vəd verib.

İstintaqın məlumatına əsasən, zərərçəkmiş şəxsdən pul vahid niyyətlə bir neçə dəfəyə alınıb. O, 2024-cü illərdə T.T-dən ümumilikdə 24 600 manat pul alıb.

Beləliklə, üç epizod üzrə Elçin İsmayılov ayrı-ayrı şəxslərdən ümumilikdə 30 800 manat alaraq dələduzluq edib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 3 ay 2 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum tərəfindən isə apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestinə baxaraq hökmü dəyişdirib. Apellyasiya instansiyasının qərarına əsasən, Elçin İsmayılovun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 ay 10 gün müddətin ona təyin edilmiş cəzadan çıxılmasını nəzərə alıb. Bununla da onun üzərində qəti olaraq 3 il 3 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Hökm qalan hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılıb.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30