Məhkəmə xadiməni söyən şəxsi döyən sürücü ilə bağlı qərar çıxardı
Ali Məhkəmədə xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən N.İbrahimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 4 fevral tarixli hökmü verilmiş kassasiya şikayətinə əsasən qismən ləğv olunub. O, təqsirli bilinib məhkum edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə olan cinayət təqibinə əməlində həmin maddə üzrə cinayət tərkibi olmadığına görə, xitam verilib. Bakı Apellyasiya Məhkəməsinin hökmündən Binəqədi Rayon Məhkəməsinin 2024-cü il 19 iyul tarixli hökmü ilə N.İbrahimovun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmasına və Cinayət Məcəlləsinin 66-cı maddəsinin tətbiqinə dair müddəalar xaric edilib. Onun üzərində 1 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İttihama görə, hadisə 2023-cü il Bakı şəhəri, Binəqədi rayonu, "Motodrom” yaşayış sahəsində qeydə alınıb.
Belə ki, N.İbrahimov taksi fəaliyyəti ilə məşğul olduğu "Kia-Rio” markalı avtomobilində müştəri kimi əyləşən şəxsiyyəti istintaqa məlum olmayan "Cavid” adlı şəxslə "Opel Meriva” markalı maşının sürücüsü, zərərçəkmiş Qabil Nəbiyevlə (adı, soyadı şəridir) bir müddət əvvəl "Azpetrol” YDM-də həmin məntəqənin xadiməçisinin ünvanına nalayiq sözlər deməsini bəhanə edib. O, "Cavid” adlı şəxslə birlikdə ucadan nalayiq sözlər deyərək dəmir parçası ilə zərərçəkmiş şəxsin üzərində zor tətbiq edib, baş nahiyəsinə, əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub. Qabil yerə yıxıldıqdan sonra "Cavid” onu təpiklə vuraraq xəsarətlər yetirib. N.İbrahimov isə təpik zərbələri ilə zərərçəkmişi vurub.
Hadisədən sonra N.İbrahimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: