Direktoru rüsvayedici məlumatları yaymaqla hədələyən sahibkara nə qədər cəza verildi?

16-11-2026, 10:16 234 dəfə baxılıb

 

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bəhlul Şıxalıyevin barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü mülki iddianın mənəvi zərərlə bağlı təmin olunması hissəsində dəyişdirilib. Təqsirləndirilən şəxs - mülki cavabdeh zərər çəkmiş şəxsin hüquqi varisinin xeyrinə tutulmalı olan mənəvi zərərin məbləği 10 000 manat artırılaraq 20 000 manat həddində müəyyən edilib.

İttihama görə, Bəhlul Şıxalıyev 2025-ci ilin avqust ayında, istintaqa dəqiq məlum olmayan vaxtda Hacıqabul şəhəri ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləmiş Ariz Abuzərovla əlaqə saxlayıb.

Bəhlul Şıxalıyev onun barəsində rüsvayedici məlumatları yayacağı barədə hədə-qorxu gəlib. Həmin məlumatların Ariz Abuzərovun işlədiyi qurumda ciddi nöqsanlara yol verməsi və həmin qurumda mütəxəssis vəzifəsində işləyən şəxslə intim münasibətdə olması barədə olduğu bildirilib.

Təqsirləndirilən şəxs bu məlumatları yayacağı, bununla da Ariz Abuzərovu rüsvay edəcəyi və onun işdən azad olunmasına nail olacağı barədə hədələyərək 19 500 manat pul tələb edib.

Ariz Abuzərov həmin məlumatların həqiqəti əks etdirmədiyini bildirsə də, onların yayılmasının onu rüsvay edəcəyini düşünərək hədəni real və həyata keçirilə bilən kimi qəbul edib.

Ariz Abuzərov Bəhlul Şıxaliyevin internet portalında müxtəlif vaxtlarda çıxış etdiyini bildiyi üçün onun hədəsini ciddi qəbul edib. Bu səbəbdən o, 2025-ci ildə saat 18:12-də özünə məxsus “Birbank” mobil tətbiqi vasitəsilə təqsirləndirilən şəxsin adına rəsmiləşdirilmiş və istifadəsində olan kart hesabına 1 500 manat pul köçürüb. Lakin bundan sonra Bəhlul Şıxaliyev tələb etdiyi pulun qalan hissəsini də həmin hədə altında əldə etməyə çalışıb.

Ariz Abuzərovun Hacıqabul Rayon Polis Şöbəsinə müraciətindən sonra polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib. Ariz Abuzərovla görüşdükdən dərhal sonra Bəhlul Şıxaliyev Hacıqabul şəhəri ərazisində saxlanılıb.

Onun üzərində aparılan yoxlama zamanı hədə-qorxu yolu ilə tələb olunan pul vəsaitinin ona təqdim edilməsi məqsədilə əvvəlcədən rəsmiləşdirilərək Ariz Abuzərova təqdim olunmuş 51 ədəd 100 nominallı əsginas, ümumilikdə 5 100 manat pul vəsaiti təqsirləndirilən şəxsin əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülüb.

Beləliklə, Bəhlul Şıxaliyev hədə-qorxu ilə tələb etdiyi 19 500 manatın 6 600 manatlıq hissəsini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhlul Şıxaliyev 9 il 11 ay 6 gün müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hüquqi varisin 233 580 manat maddi ziyanın tutulması tələbi ilə bağlı həmin məbləğin yaranmasını təsdiq edən hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq, mülki iddianı bu hissədə baxılmamış saxlayıb. Hüquqi varisin 20 000 manat mənəvi ziyan tələbi isə qismən təmin edilib. Təqsirləndirilən şəxs-mülki cavabdehdən 10 000 manat mənəvi ziyan, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat tutularaq mülki iddiaçıya ödənilməsi hökm edilmişdi.

Qeyd: 2025-ci ilin dekabrında mətbuatda yayılan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən maliyyə pozuntuları ilə əlaqədar Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb. Yoxlama aparılan müddətdə Mərkəzin müdiri Ariz Abuzərov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bəhlul Şıxaliyev isə ifadəsində bildirib ki, rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olub.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30