İcra Hakimiyyətini və bələdiyyəni yalançı çıxaran Masallı əmlakının nümayəndəsi Sultan kimə güvənir?
"Masallı rayonunda son vaxtlar baş verən torpaq qalmaqalları, qeyri-qanuni sənədləşdirmələr və vətəndaşların haqlı narazılıqları artıq hədd həddini aşıb, səbir kasasını daşırıb..."
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.
O daha sonra bildirir: "Hər kəs haqlı olaraq İcra Hakimiyyətini günahlandırır, amma gəlin məsələnin kökünə baxaq:ən böyük qanunsuzluqların, saxta sənədlərin altından məhz kimin adı çıxır?
Söhbət Əmlak Məsələləri Dövlət Xidmətinin 8 saylı Cəlilabad Regional Əmlak Məsələləri İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Sultandan gedir! Bəli, Masallı əmlakının əsas "oyunçusu" olan Sultan sanki rayonda özünə ayrıca dövlət qurub.
Bir Şəxsin Neçə Üzü Olar?
Məsələni araşdırmağa başlayanda adamın başı fırlanır. Media olaraq Sultanın yanına daxil oluruq, o, özünü elə aparır ki, guya heçdən xəbəri yoxdur və məsuliyyəti atır bələdiyyənin üzərinə. Yanında oturan iş yoldaşı özü açıq şəkildə bildirir ki, bu işlərin əsas iştirakçısı məhz Sultandır.
Amma maraqlısı odur ki:
İcra Hakimiyyəti bələdiyyə ilə birlikdə rəsmi akt tərtib edib, həmin ərazinin yol olduğunu sənədləşdirib.
Bələdiyyə təsdiqləyir ki, bəli, bu torpaq yol kimi sənədləşdirilib və onlar buna imza atıblar.
Sultan isə çıxıb heç kəsi saymır! Deyir ki, bələdiyyə də yalan danışır, İcra Hakimiyyəti də!
Bəs bu nə özbaşınalıqdır?
İcra Hakimiyyəti birbaşa dövlət başçısı — Prezident tərəfindən təyin olunmuş ali nümayəndədir, o özü nə etdiyini çox gözəl bilir. Amma Sultan kimilər çıxıb dövlətin qurumlarını, İcra Hakimiyyətini açıq-aşkar yalançı çıxarır, saxta sənədlərlə Masallı sakinlərini ayağa qaldırır, onları dövlətə, hakimiyyətə və Prezidentə qarşı qaldırmağa çalışır. Adam dövlət içində dövlət qurub sanki!
8 Saylı Cəlilabad Regional Əmlak İdarəsi və Masallı Əmlak Rəhbərliyi Niyə Susur?

Burada çox sərt və haqlı suallar ortaya çıxır.
1. Cəlilabad Regional Əmlak İdarəsinin və Masallı əmlak rəhbərliyinin Sultan adlı şəxs üzərində heç bir hökmü yoxdurmu?
2. Sözü keçmir, gücü çatmır, yoxsa bu qanunsuzluqlara göz yumulur?
3. "Şərikli çörək" filmindəki kimi, olmaya bu adamın əməllərindən gələn qazancdan yuxarıdakılar da şərikdirlər?!
Sultan dövlət strukturlarını, İcra Hakimiyyətini belə ayaqlar altına alıbsa, onlara yalançı deyirsə, doğurdanmı bu qurumlar bir nəfərin qarşısında bu qədər acizdirlər? Əgər acizdirlər və səbəbi başqadırsa, çıxıb xalqa cavab versinlər!
Artıq bu bataqlıq o həddə çatıb ki, məsələ məhkəmə müstəvisinə keçib. Masallı sakinlərinin bizə ünvanladığı şikayətlərdə bir məqam xüsusi vurğulanır: vətəndaşlar inanırlar ki, bu işdə hakim Elçin müəllim ədalətli, qətiyyətli və düzgün qərar çıxaracaq. Çünki Elçin müəllim işin sonuna qədər ədalətin bərqərar olması üçün mübarizə aparan, qanundan kənara çıxmayan hakim kimi tanınır.
İnanırıq ki, məhkəmə bu qanunsuzluqlara son qoyacaq, Sultan və onun kimi dövlətçiliyə kölgə salanlar əməllərinə görə cavab verəcəklər!.."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.