İran ABŞ-yə Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
Abbas Əraqçi bildirib ki, Vaşinqton Tehranın tələblərini yerinə yetirərsə, iki gün ərzində münaqişəyə son qoyulması və Hörmüz boğazında gəmiçiliyin bərpası mümkün olacaq.
Nazirin sözlərinə görə, tərəflər iki gün ərzində həyata keçirilməsi nəzərdə tutulan planı razılaşdırıblar. Bu plana əsasən, ilk gün ABŞ müəyyən tədbirləri yerinə yetirməli, ikinci gün isə Hörmüz boğazı açılmalı və gəmiçilik əvvəlki rejimə qayıtmalıdır.
Əraqçi bildirib ki, İran memorandumun imzalanmasından sonra tətbiq edilən bütün yeni sanksiyaların ləğvini və ya hərbi qüvvələrin əvvəlki səviyyəyə endirilməsini tələb edir.
O, həmçinin blokadanın aradan qaldırılmasını və neftə tətbiq edilən sanksiyaların ləğvini Tehranın şərtləri sırasında göstərib.
Nazir ABŞ ilə Qətərdə, Türkiyədə və ya başqa ölkədə mümkün görüş barədə yayılan məlumatları da təkzib edib.
“Amerikalılarla Qətərdə, Türkiyədə və ya başqa yerdə mümkün görüşlə bağlı yayılan bütün xəbərlər KİV-in fərziyyələrindən başqa bir şey deyil. Hazırda vəziyyət belə bir görüşün keçirilməsini tələb etmir. Şərtlərimiz aydındır. ABŞ bu şərtləri qəbul edərsə, Hörmüz boğazı açılacaq və danışıqlar başlayacaq”, - deyə Əraqçi bildirib.
İranın xarici işlər naziri nüvə proqramı ilə bağlı mümkün razılaşmada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) də iştirak edəcəyini vurğulayıb.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: