RAFİQ QULİYEV GÖRMÜR, YOXSA GÖRMƏZDƏN GƏLİR?
Qaya restoranının yaxınlığında aparılan tikinti işləri ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, FHN və şəhərsalma qurumları niyə susur?
Mediatvaz.com xəbər verir ki, Xətai rayonunda şəhərsalma qaydalarına münasibətlə bağlı növbəti ciddi suallar yaranıb. Cavanşir küçəsində, Qaya restoranının yaxınlığında dəmir konstruksiyalardan istifadə edilməklə artırma işləri aparılır. Bəs bu işlərə kim icazə verib? Tikintinin layihəsi, texniki sənədləri və qanuni əsasları varmı? Yoxsa yenə də kimlərsə şəhərin küçələrini öz şəxsi mülkləri hesab edərək istədikləri kimi tikib-quraşdırırlar?
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev bu baş verənlərdən xəbərdardırmı? Xəbərdardırsa, qarşısı niyə alınmır? Xəbəri yoxdursa, rayon ərazisində aparılan tikinti işlərinə nəzarət hansı səviyyədədir? Axı icra hakimiyyətinin vəzifəsi qanunsuz tikililər meydana çıxdıqdan sonra onların arxasınca qaçmaq deyil, qanun pozuntularının qarşısını vaxtında almaqdır! Görünür Xətai rayonunda qanunsuz tikintilərlə mübarizə yalnız görüntü xarakteri daşıyır?
FHN, şəhərsalma qurumları, nəzarət orqanları – siz haradasınız?
Dəmir konstruksiyaların təhlükəsizliyi, yanğın normalarına uyğunluğu, tikintinin şəhərsalma tələblərinə cavab verib-verməməsi yoxlanılıbmı? Bu sualların cavabı yalnız aidiyyəti qurumların rəsmi araşdırması ilə ortaya qoyula bilər. Sakinlərin təhlükəsizliyi heç kimin şəxsi maraqlarına qurban verilə bilməz.
Aidiyyəti qurumlara suallarımız konkretdir:
Qaya restoranının yaxınlığında aparılan artırma işlərinə rəsmi icazə verilibmi?
Tikinti layihəsi və texniki təhlükəsizlik sənədləri mövcuddurmu?
Əraziyə yerində baxış keçirilibmi?
FHN yanğın təhlükəsizliyi və konstruksiyaların dayanıqlığı ilə bağlı yoxlama aparıbmı?
Tikinti qanunsuzdursa, niyə işlər dayandırılmır və məsul şəxslər barəsində tədbir görülmür?
İcra hakimiyyəti bu prosesə görə hansı məsuliyyəti daşıyır?
Şəhərsalma qaydaları kağız üzərində qalmaq üçün deyil. İcra hakimiyyəti, FHN və nəzarət orqanları vəzifələrini yerinə yetirməlidirlər. Əks halda, qanunsuz tikinti iddiaları qarşısında susqunluq cəmiyyətdə haqlı suallar və ciddi narazılıq yaradır.
Xətai Rayon İcra Hakimiyyəti bu tikintiyə aydınlıq gətirməli, məsul şəxslər müəyyən edilməli, yoxlamanın nəticələri ictimaiyyətə açıqlanmalıdır!
Xətai sakinləri qanunun işləməsini gözləyir. Bəs aidiyyəti qurumlar nəyi gözləyir?
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: