Kaliforniyada hay-küylü cinayət işi - Azərbaycanlı sığorta sistemini 137 milyon dollar məbləğində aldadıb

12-09-2026, 11:16 842 dəfə baxılıb

 

Azərbaycan vətəndaşı Sevdindik Hüseynov ABŞ-da Medicare Advantage proqramı vasitəsilə tibbi sığorta sistemini aldatmaqda təqsirli olduğunu etiraf edib

Müəllif: Fərhad Məmmədov
Haqqin.az portalı

ABŞ-ın Kaliforniya ştatında federal məhkəmədə Azərbaycan vətəndaşı Sevdindik Hüseynovun işi üzrə məhkəmə araşdırması aparılır. Hüseynov Medicare Advantage proqramı vasitəsilə ölkənin səhiyyə büdcəsindən 137 milyon dollar vəsaiti mənimsəməkdə ittiham olunur. ABŞ mediasının məlumatına görə, Hüseynov dələduzluqla bağlı üç ittiham maddəsi üzrə təqsirini etiraf edib.

Hüseynov ötən il Federal Təhqiqat Bürosunun (FTB) səhiyyə sektorunda 14,6 milyard dollar məbləğində genişmiqyaslı dələduzluq işi üzrə keçirdiyi əməliyyat çərçivəsində həbs edilib. Ümumilikdə bu iş üzrə 324 nəfərə, o cümlədən 96 həkim, tibb bacısı, əczaçı və digər lisenziyalı tibb işçisinə qarşı ittiham irəli sürülüb. Bu, ABŞ tarixində səhiyyə sahəsində dələduzluq və korrupsiya ilə bağlı ən böyük cinayət işlərindən biri kimi qiymətləndirilir.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, əməliyyatda ölkə üzrə federal və yerli hüquq-mühafizə orqanları iştirak edib. Əməliyyat zamanı FTB əməkdaşları 245 milyon dollardan çox nağd pul, həmçinin qiymətli əşyalar, avtomobillər, kriptovalyuta və digər aktivlər aşkar edərək müsadirə ediblər.

Əməliyyat çərçivəsində həbs olunanlar arasında bir sıra keçmiş sovet respublikalarının, o cümlədən Rusiyanın vətəndaşları da olub. Sevdindik Hüseynov FTB əməkdaşları tərəfindən ABŞ-dan qaçmağa cəhd göstərdiyi vaxt Los-Ancelesdə saxlanılıb.

Prokurorluğun ittiham sənədinə əsasən, Sevdindik Hüseynov tibbi avadanlıqların təchizatı ilə məşğul olan şirkət yaradaraq tibbi sığorta sistemini aldatmağa yönəlmiş dələduzluq sxemi təşkil edib. Sxemin fəaliyyəti 2025-ci il yanvarın 15-dən ən azı həmin il iyunun 16-dək Kaliforniyanın Şimal dairəsində və digər ərazilərdə həyata keçirilib.

Hüseynov özünün Vonyes Inc. şirkəti vasitəsilə Medicare Advantage proqramına tibbi avadanlıq və ləvazimatların guya təqdim edilməsi ilə bağlı ümumilikdə 137 milyon dollar məbləğində saxta ödəniş sənədləri göndərib.

Əslində isə şirkət həmin avadanlıqları nə alıb, nə də sığorta şirkətlərinə təqdim edib. İstintaq müəyyən edib ki, təqdim olunan sənədlər əsasında Hüseynovun şirkətinə təxminən 761 min dollar ödəniş edilib. Digər müraciətlər isə Medicare proqramı çərçivəsində çoxsaylı şikayətlər səbəbindən yaranan şübhələrə görə rədd olunub. Medicare-dən dələduzluq yolu ilə əldə edilən vəsaitlər daha sonra Sevdindik Hüseynovun Honkonqda qeydiyyatdan keçirdiyi digər şirkətin hesabına köçürülüb.

Lakin istintaq zamanı Hüseynovun qanunsuz yolla əldə etməyə çalışdığı məbləğin daha böyük olduğu müəyyənləşdirilib. Ümumilikdə o, Vonyes Inc. vasitəsilə Medicare Advantage proqramından təhvil verilməyən, pasiyentlərə lazım olmayan və tibb müəssisələri tərəfindən təsdiqlənməyən tibbi avadanlıqlar üçün ən azı 137 milyon dollar məbləğində ödəniş tələb edib.

Prokurorların sözlərinə görə, Hüseynov 2,8 milyon dollar məbləğində ödəniş çekləri aldığını və həmin çekləri öz adına açdığı bank hesablarına yatırdığını etiraf edib. Vəsaitlər hesablara köçürüldükdən sonra onun böyük hissəsi Honkonqdakı bank hesablarına transfer edilib.

Sevdindik Hüseynov Kaliforniyanın Sanivale şəhərində yaşayıb və Vonyes Inc. şirkətini də yaşadığı ünvanda qeydiyyatdan keçirib. Şirkətdə Hüseynov baş direktor, maliyyə direktoru, katib və direktor vəzifələrini eyni vaxtda icra edib. Şirkət qeydiyyatdan keçdiyi vaxtdan etibarən Hüseynovdan başqa heç bir əməkdaşa və ya məsul şəxsə malik olmayıb.

2025-ci il yanvarın 15-dən etibarən Hüseynov şirkətin adından Medicare Advantage proqramına tibbi avadanlıq və ləvazimatların təqdim edilməsi ilə bağlı kütləvi şəkildə saxta müraciətlər göndərməyə başlayıb. İstintaqın müəyyənləşdirdiyinə görə, həbs edilənədək o, 7 200-dən çox belə müraciət göndərib.

Ödəniş üçün təqdim olunan sənədlərdə Hüseynovun şirkətinin sığortalılara ortopedik bandajlar, bahalı tibbi komponentlərdən hazırlanmış sarğı materialları və digər tibbi ləvazimatlar təqdim etdiyi göstərilib. Lakin FTB əməkdaşları müəyyən ediblər ki, sığortalıların Vonyes adlı şirkətdən ümumiyyətlə xəbəri olmayıb, həmin şirkətdən heç bir tibbi məhsul almayıblar və belə məhsul və ləvazimatlara ehtiyacları da olmayıb.

Hüseynov əvvəlcə ona qarşı irəli sürülən ittihamları rədd edib. Lakin daha sonra istintaqla razılaşmaya gedərək ittihamların üçü üzrə təqsirini etiraf edib.

Hazırda Hüseynov federal həbsxanada saxlanılır. Onun barəsində hökmün elan olunması ilə bağlı məhkəmə iclası fevralın 2-nə təyin edilib. Səhiyyə sahəsində dələduzluğa görə Hüseynovu maksimum 10 ilədək həbs cəzası və 250 min dollar məbləğində cərimə gözləyir.

İstintaq ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin Baş Müfəttiş İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən aparılıb.

Qeyd edək ki, sentyabrın 4-də ABŞ Ədliyyə Nazirliyi Gürcüstan vətəndaşı, 33 yaşlı Erikl Qugavaya qarşı rəsmi ittihamların irəli sürüldüyünü açıqlayıb. ABŞ-da əvvəllər qanunsuz miqrant kimi yaşayan Qugava səhiyyə proqramları vasitəsilə 1,3 milyard dollar mənimsəməyə yönəlmiş dələduzluq sxeminin təşkilində ittiham olunur.

İttiham sənədlərinə əsasən, Qugava Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən transmilli cinayətkar təşkilat üçün pul yuma əməliyyatları həyata keçirib. İstintaqın versiyasına görə, həmin təşkilat Medicare və digər sığorta şirkətlərini aldatmaq, istismar etmək və onların vəsaitlərini mənimsəmək məqsədilə milyardlarla dollar həcmində səhiyyə dələduzluğu və çirkli pulların yuyulması sxemi təşkil edib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ehtimal edilən dələduzluq sxeminə Massaçusets, Yeni İngiltərə və ABŞ-ın digər bölgələrində yaşayan vətəndaşların şəxsi məlumatlarının oğurlanması da daxil olub. Bu məlumatlardan saxta tibbi ödəniş tələblərini əsaslandırmaq üçün istifadə edildiyi bildirilir.

Nazirliyin açıqlamasında qeyd olunub ki, həmin şəxslərin bir çoxu, o cümlədən yaşlı və əlilliyi olan amerikalılar, Medicare və onun podratçılarına müraciət etdikdən sonra onların müavinət sənədlərində guya uzunmüddətli istifadə üçün tibbi avadanlıq aldıqlarının göstərildiyini müəyyənləşdiriblər. Halbuki həmin avadanlıqlar onlara faktiki olaraq çatdırılmayıb.

Sənədlərə əsasən, sözügedən tibbi avadanlıqlar pasiyentlərin heç vaxt müraciət etmədiyi həkimlər tərəfindən təyin edilmiş kimi göstərilib. Təchizatçı qismində isə pasiyentlərin tanımadığı və uzunmüddətli istifadə üçün tibbi avadanlıqlar üzrə ixtisaslaşmış ND Medical şirkəti qeyd olunub.

Qugava ABŞ ərazisini tərk etdiyi üçün onun həbs edilməsi mümkün olmayıb və barəsində beynəlxalq axtarış elan edilib.

Poliqon.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930