Malidə 300-ə yaxın rusiyalı öldürülüb - Onların kimliyi açıqlanıb
Afrikanın Mali Respublikasında 300-ə yaxın Rusiya vətəndaşının öldüyü ehtimal olunur.
Onların "Vaqner" özəl hərbi şirkətinin və "Afrika korpusu"nun tərkibində fəaliyyət göstərən muzdlu döyüşçülər olduğu bildirilir.
Məlumata görə, Rusiyanın Federal Dövlət Statistika Xidmətinin (Rosstat) hakerlər tərəfindən ələ keçirilmiş məlumat bazasının təhlili ölkə vətəndaşları arasında ölüm hallarının iki kəskin artımını üzə çıxarıb. Almaniyalı analitik Yanis Kluge tərəfindən araşdırılan məlumatlarda ilk artım 2024-cü ilin iyulunda, ikinci isə 2026-cı ilin aprelində qeydə alınıb.
Hər iki dövr Malidə üsyançıların həyata keçirdiyi hücumlarla üst-üstə düşür. Həmin əməliyyatlar zamanı "Vaqner" qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyü bildirilir. Ümumilikdə, təhlil Rusiyanın hərbi strukturları ilə əlaqəli təxminən 300 nəfərin həyatını itirmiş ola biləcəyini göstərir.
Hakerlərin əldə etdiyi məlumat bazasında statistik, iqtisadi və şəxsi məlumatlar, eləcə də əhali siyahıyaalınmasına dair materialların olduğu qeyd edilir. Məlumatların 28 avqust 2026-cı il tarixinədək olan dövrü əhatə etdiyi bildirilir.
Xatırladaq ki, 2021-ci ildə Malidə baş verən dövlət çevrilişindən sonra ölkənin yeni rəhbərliyi xarici siyasət istiqamətini dəyişərək Fransa başda olmaqla Qərb tərəfdaşlarından uzaqlaşıb və Rusiyaya yaxınlaşıb. Həmin il Moskva Malinin müraciətini qəbul edərək ölkəyə “Vaqner” muzdlularının göndərilməsinə razılıq verib.
2023-cü ilin noyabrında isə Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə “Afrika korpusu” yaradılıb. Struktur nazir müavini Yunus-bek Yevkurovun rəhbərliyi altındadır. Yeni qurumun "Vaqner"i əvəzləməsi və Rusiyanın Afrikadakı hərbi mövcudluğunu gücləndirməsi nəzərdə tutulurdu.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, "Afrika korpusu" da Malidə döyüşlər zamanı itkilər verib və qarşıdurma zamanı müttəfiqlərini köməksiz vəziyyətdə qoyaraq ərazini tərk edib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: