Azərbaycan bazarına Monqolustan və Braziliyadan gətirilən ətlər yoxlanır? - Rəsmi AÇIQLAMA

1-11-2025, 13:37 137 dəfə baxılıb

 

Son aylarda Azərbaycana idxal olunan ətlərin qiyməti yerli bazarda satılan ətlərlə müqayisədə xeyli aşağıdır. Buna görə də xaricdən gətirilən ət məhsullarına tələbat sürətlə artır.


Hazırda mağaza və bazarlarda Monqolustan və Braziliyadan gətirilmiş ətlər üstünlük təşkil edir. Rəsmi məlumatlara əsasən, ötən il Azərbaycana idxal olunan ətin həcmi əvvəlki illə müqayisədə 41 faiz artıb.


Bəs görəsən, digər ölkələrdən Azərbaycana idxal olunan ətlərlə bağlı monitorinq həyata keçirilirmi? Sözügedən ətlərin keyfiyyəti ilə bağlı vəziyyət nə yerdədir?


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yenisirvanli.info.az -ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür.


Məlumatda qeyd olunub ki, xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir:


"Agentlik tərəfindən həmin ixracatçı ölkədəki epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, dövriyyəyə buraxılır.


Bildiririk ki, belə məhsulların daşınması, satışı, dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər.


Sonda qeyd edirik ki, istehlakçılar qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, agentliyin "1003" çağrı mərkəzinə zəng vuraraq və ya "e-Qidam" mobil tətbiqi vasitəsilə məlumat verə bilərlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031