Vatikan Qəzza üzrə Sülh Şurasında iştirak etməyəcək

18-02-2026, 15:25 640 dəfə baxılıb

 

"Müqəddəs Taxt-tac digər dövlətlərdən fərqli spesifik statusuna görə Qəzza ilə bağlı yaradılan Sülh Şurasının işində iştirak etməyəcək".


Yenisirvanli.info.az xəbər verir ki, bunu Vatikanın dövlət katibi, kardinal Pietro Parolin bildirib.


"Corriere della Sera" qəzetinə müsahibəsində o qeyd edib ki, Vatikanın statusu digər dövlətlərdən fərqləndiyi üçün şurada iştirakı mümkün deyil və bəzi məqamlar var ki, aydınlıq gətirilməlidir.


Yanvarda Parolin Papa XIV Leonun ABŞ təşəbbüsü ilə yaradılan quruma dəvət olunduğunu açıqlamışdı.


Donald Tramp yanvarın 16-da Qəzza zolağı üzrə Sülh Şurasının yaradılacağını elan edib. Şuranın yaradılması Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə birlikdə Trampın sülh planının bir hissəsidir. Növbəti gün Ağ Ev şuranın tərkibini açıqlayıb. Buraya, ABŞ-nin dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner də daxil ediliblər. İcraiyyə şurasının hər bir üzvü Qəzzada vəziyyətin sabitləşdirilməsi üçün müəyyən bir istiqamətə rəhbərlik edəcək. Bu istiqamətlərə idarəetmə potensialının gücləndirilməsi, regional əlaqələr, bərpa, investisiyaların cəlb edilməsi, genişmiqyaslı maliyyələşdirmə və kapitalın səfərbər edilməsi də daxildir.


Yanvarın 22-də İsveçrənin Davos şəhərində Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi keçirilib. Sənəd Vaşinqtonun təşəbbüsünü dəstəkləyən dövlətlərin liderləri və nümayəndə heyətləri ilə birgə təsdiq edilib. Sülh Şurasının təkcə Qəzzadakı vəziyyətin sabitləşdirilməsi ilə deyil, həm də digər regionlarda münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı güman edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031