Tramp: ABŞ Əfqanıstanda qalan texnika və silahları geri qaytarmaq niyyətindədir...
ABŞ administrasiyası 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstanda qoyaraq çıxdığı bütün hərbi texnika və silahları geri qaytarmağı planlaşdırır...
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə kabinetinin ilk iclasında bildirib.
“Biz Əfqanıstanda milyardlarla, on milyardlarla dollar dəyərində avadanlıq, yeni texnika qoyaraq çıxdıq. Onların hər il hər kəsin görməsi üçün nümayiş etdirildiyini görürsünüz. Düşünürəm ki, bu avadanlıqların çoxunu geri almalıyıq”, deyə ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, Əfqanıstanın radikal “Taliban” hərəkatı Amerika silahlarını kütləvi şəkildə satır və bu da Əfqanıstanı “dünyada ən çox hərbi texnika satanlardan birinə” çevirir.
“Buna inanmaq olar? 777 min tüfəng, 70 min zirehli yük maşını satırlar. Bunlar bizim orda qalan 70 min maşındır. Biz bu texnikaları orada buraxaraq çıxdıq”, deyə Tramp vurğulayıb.
Trampdan onun administrasiyasının 2021-ci ilin avqustunda Əfqanıstandan qoşunların çıxarılmasının planlaşdırılmasında iştirak edən hərbçilərə qarşı tədbir görüb-götürməyəcəyi də soruşulub. ABŞ-nin müdafiə naziri Pit Heqset məsələ ilə bağlı Pentaqonun auditini apardığını bildirib.
“Tam cavabdehlik təmin olunacaq. Düşünürəm ki, onlar əsasən vəzifələrini tərk edəcəklər”, deyə Heqset qeyd edib.
Yenisirvanli.İnfo.Az