“Azərbaycan Türkiyə ilə İsrail arasında barışdırıcılıq missiyasını uğurla davam etdirir”
Prezident Ilham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında bir çox məsələlərlə yanaşı, Azərbaycanın Türkiyə və İsraillə dost münasibətinə də toxunub. Dövlət başçısı qeyd edib ki, Türkiyə və İsrail arasında barışıq ilk dəfə Azərbaycanın vasitəçiliyi ilə əldə edilib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, bunu Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu, tərəfdaş və müttəfiq kimi qazandığı yüksək etibarlılıqla izah edib:
“ADA Universitetinin təşkil etdiyi Forumda Prezident İlham Əliyev bir çox həssas mövzularla bağlı açıqlamalarla çıxış etdi. Onlardan biri, qardaş Türkiyə ilə İsrail arasında barışığın əldə olunması idi. Bizim həm Türkiyə, həm də İsraillə yüksək əlaqələrimiz var. Hər iki dövlət beynəlxalq münasibətlər sistemində kifayət qədər güclü mövqeyə sahibdir. Düşmənçilik səviyyəsinə çatmış iki güclü dövlət bir araya gətirildi. Qarşılıqlı səfərlər baş tutdu. Təbii ki, belə bir vəziyyətdə barışığa nail olunması, sıradan bir hadisə deyil. Bundan ötrü, tərəflərin güvəndiyi etibarlı tərəfdaş olmalısan. Beynəlxalq nüfuzun, güclü liderlik keyfiyətlərinə malik olmalısan. Hər iki dövlət başçıları ilə səmimi şəxsi münasibətlərin olmalıdır. Bütün bunlar vacib şərtlərdi və demək olar ki, cənab Prezidentin uğurlarının açarıdır.
Qəzzada baş verən məlum hadisələrdən sonra yenidən İsraillə Türkiyə münasibətləri gərginləşmişdir. Azərbaycan sülhpərvər dövlətdir və əvvəlki kimi, barışdırıcı missiyasını davam etdirməkdədir”.
Yenisirvanli.İnfo.Az