Moskvada 10 nəfəri öldürən pedofilə ömürlük həbs cəzası verilib
Moskva vilayət məhkəməsi Aleksey Qaskovu 10 nəfərin öldürülməsində və yetkinlik yaşına çatmayanlara qarşı cinsi xarakterli cinayətlərdə təqsirli bilib
Qatil cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmə Qaskovdan zərərçəkənlərdən birinin xeyrinə 3 milyon rubl tutulmasına da qərar verib. Bundan əlavə, onun əmlakı üzərində həbs qərarı qüvvədə saxlanılıb.
İstintaq Qaskovun 2002-ci ildə törədilmiş silsilə qətllərlə əlaqəsini yalnız 2024-cü ildə müəyyənləşdirə bilib. Arxivdə qalan və uzun müddət açılmamış cinayətlərin materialları yenidən araşdırılarkən keçirilən genetik ekspertizalar nəticəsində hadisə yerlərindən götürülmüş DNT nümunələrinin Qaskova uyğun gəldiyi müəyyən edilib.
Saxlanıldıqdan sonra Qaskov qətllərdə iştirakını etiraf edib və müstəntiqlərə cinayətlərin törədilmə şəraiti barədə ətraflı məlumat verib.
İstintaqın məlumatına əsasən, Qaskov cinayətləri 2002-ci ilin mart-noyabr ayları arasında Moskva və Moskva vilayətində törədib. Qurbanları arasında doqquz qadın və bir kişi olub. O, əsasən tək olan gənc qadınlarla tanış olur, daha sonra onları insanların olmadığı yerlərə apararaq cinsi zorakılıq törədib və öldürüb.
Qətllər arasında Moskva vilayətinin Ximki şəhərində baş vermiş cinayət xüsusi rezonans doğurub. Burada 23 yaşlı perulu tələbə Aqnes Karolina Santisteban öldürülüb. Onun ölümü həm Rusiyada, həm də Peruda geniş ictimai əks-səda yaradıb.
Qaskov həmin hadisələrdən sonra Moskvadan doğulduğu Novosibirsk vilayətinin Berdsk şəhərinə gedib. Orada baş vermiş başqa bir qətllə bağlı da onun adı istintaqa məlum olub. Lakin sonrakı araşdırma həmin cinayətə Qaskovun tanışı Mixail Yudinin aid olduğunu müəyyən edib. Yudin daha sonra bir neçə qətldə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum olunub.
Qaskov əvvəllər də azyaşlıya qarşı cinsi cinayətə görə məhkum edilib. 2007-ci ildə məhkəmə onu birlikdə yaşadığı qadının 11 yaşlı qızını zorlamada təqsirli bilərək 10 ildən artıq müddətə azadlıqdan məhrum edib.
Azadlığa çıxdıqdan sonra Qaskov Novosibirskə köçüb. İstintaqın məlumatına görə, burada da yetkinlik yaşına çatmayan ögey qızına qarşı cinsi xarakterli zorakılıq törədib. Bu epizodlar da yeni cinayət işi çərçivəsində araşdırılıb.
Beləliklə, məhkəmə Qaskovu 10 qətldə, eləcə də iki yetkinlik yaşına çatmayan şəxslə bağlı cinsi xarakterli cinayətlərdə təqsirli bilib və ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: