Nizamidə məktəb ərazisi tikintiyə qurban verildi – Foto
Ölkədə böyük bayram tətilləri zamanı şəhərdə adam az olanda, əhali istirahət üçün bölgələrə üz tutanda, ya da evində oturub şəhərə çıxmayanda “obyekt aşiqləri” fəallaşmağa başlayırlar. Haranısa hasara alır, ağac kəsir, tezbazar yüngül konstruksiyalı obyekt inşa edirlər. Ətrafa diqqət edən insanlar bunu görəndə isə gec olur.
Vaxtında görsələr belə, müvafiq dövlət orqanları (icra hakimiyyətləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və s.) tətilə çıxdığı üçün heç yerə zəng edib şikayəti çatdıra bilmirlər. “Obyekt aşiqləri” də bu orqanlara bağlı şəxslər olduğundan bunu yaxşı bilir və “əməliyyat vaxtı” üçün həmin günləri seçirlər.
Yenisirvanli.İnfo.Az xəbər verir ki,artıq Nizami rayonunda bayramı fürsət bilənlər işə keçib. Belə ki, Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir.
Bu barədə məlumat paylaşan sakinlərdən biri bildirib ki, bayram günləri məhz gecələr tikinti işlərinin aparılmasının səbəbi məlumdur. Ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir.
Sakinlərin sözlərinə görə, Coşqun Cəbrayılov Nizami rayonuna icra başçısı təyin olunandan bu cür özbaşınalıqlar artıb. Sakinlər əlavə edir ki, hər ötən gün rayonda qanunsuz tikililər çoxalır, parklar və səkilər məhv edilir. Bele tikinti işləri diqqət çəkməmək üçün ya gece yarısı, ya da uzun bayram tətillərində aparılır.
Nizami rayonunda hazırda aparılan tikintiyə də rəsmi icazənin verilib-verilmədiyi məlum deyil.
Aidiyyəti orqanların mövqeyini işıqlandırmağa hazırıq.