Epidemiya təhlükəsi: ABŞ-da yoluxanların və ölənlərin sayı artır
Dünyanın müxtəlif bölgələrindən təhlükəli epidemiya xəbərlərinin gəldiyi bir vaxtda, Amerika Birləşmiş Ştatlarında da qızılca xəstəliyinə yoluxma halları kəskin şəkildə artır.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, ölkə 1991-ci ildən bəri qızılca epidemiyası baxımından ən ağır ilini yaşayır. Con Hopkins Universitetinin statistikası göstərir ki, 2026-cı ilin əvvəlindən bəri ölkə miqyasında 4020 yoluxma faktı təsdiqlənib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-da qızılca epidemiyasının tüğyan etdiyi, hətta bəzi ştatlarda fövqəladə vəziyyətin elan olunduğu barədə xəbər vermişdik.
CDC-nin açıqlamasında bildirilir ki, ötən il ümumilikdə 2286 qızılca halı aşkar edildiyi halda, bu ilin ilk 10 ayında qeydə alınan göstərici həmin rəqəmi iki dəfəyə yaxın üstələyib. Son iki il ərzində xəstəliklə əlaqəli 8 ölüm halı qeydə alınıb - bu göstərici əvvəlki 30 il ərzindəki ümumi ölüm sayından çoxdur.
Cari ildə ən çox yoluxma Pensilvaniya, Cənubi Karolina, Yuta, Viskonsin, Ohayo, Texas, Virciniya və Florida ştatlarında qeydə alınıb.
Pensilvaniya Səhiyyə Departamentinin nümayəndələri bildiriblər ki, ştatda qızılca xəstəliyinə yoluxanların sayı 1000 nəfərlik həddi keçib. Bu, son otuz ildən artıq dövrdə müşahidə olunan ən böyük epidemiya dalğasıdır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qızılca virusu yoluxmuş şəxs ərazini tərk etdikdən sonra da qapalı məkanda 2 saata qədər havada asılı qala bilir. Bu xüsusiyyət, xüsusilə məktəblər və xəstəxanalar kimi insanların sıx toplaşdığı müəssisələrdə infeksiyanın qarşısını almağı son dərəcə çətinləşdirir.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: