Ruslar pullarını banklardan çıxarır: Depozitlərin müsadirə olunacağından qorxurlar

19-08-2026, 09:10 361 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az bildirir ki, buna səbəb vətəndaşların hökumətin müharibəni maliyyələşdirmək üçün bank depozitlərinə müdaxilə edə biləcəyindən ehtiyat etməsidir.

The Washington Post-un yazdığına görə, Rusiya Mərkəzi Bankının məlumatlarında avqustun ilk iki həftəsində banklardan təxminən 3,4 milyard dollar (286,4 milyard rubl) vəsait çıxarıldığı göstərilir. İyulda bu rəqəm 7,3 milyard dollar, iyunda isə 4,5 milyard dollardan çox olub.

Sberbank-ın yüksək vəzifəli rəhbərlərindən biri Taras Skvortsov bildirib ki, cari il ərzində banklardan çıxarılan vəsaitin həcmi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ilk ilində çıxarılan məbləği təxminən iki dəfə üstələyə bilər.

Maliyyə axınının azalması artıq bəzi Rusiya banklarında likvidlik problemlərinə səbəb olur. Ölkənin maliyyə sistemi həmçinin hərbi istehsalın artırılması məqsədilə kreditləşmənin sürətlə genişləndirilməsindən sonra problemli borcların artması ilə üzləşib.

Rusiya Mərkəzi Bankının keçmiş müşaviri Aleksandra Prokopenko hesab edir ki, əhalinin vəsaitlərini banklardan çıxarması maliyyə sisteminə inamsızlığın artdığını göstərir. Onun sözlərinə görə, insanlar hökumətin bank sisteminə müəyyən məhdudiyyətlər tətbiq edə və ya depozitləri milliləşdirə biləcəyindən narahatdırlar.

Prokopenko depozitlərin tamamilə milliləşdirilməsini az ehtimallı hesab etsə də, banklardan pul çıxarılmasına məhdudiyyət qoyulmasının mümkünlüyünü istisna etmir.

Məlumata görə, bu ilin əvvəlindən Rusiya vətəndaşları banklardan ümumilikdə 24,7 milyard dollardan çox vəsait çıxarıblar. Bu məbləğ genişmiqyaslı müharibənin ilk ilində bank sistemindən çıxarılan vəsaitdən artıqdır.

Vəsaitlərin bank sistemindən çıxarılması Rusiya hökumətinin müharibəni maliyyələşdirmək imkanlarına da təsir göstərir. The Washington Post yazır ki, likvidlik problemləri dövlət istiqrazları vasitəsilə vəsait cəlb edilməsini çətinləşdirib.

Rusiya Maliyyə Nazirliyi ötən ay planlaşdırılan bəzi istiqraz buraxılışlarını ləğv etməli olub. Hökumətin büdcə kəsirini maliyyələşdirmək üçün dövlət istiqrazlarından asılılığı isə artır. Buna səbəb hərbi xərclərin yüksəlməsi və iqtisadiyyatın durğunluq yaşamasıdır.

Rusiya prokurorluğunun məlumatına görə, milyarderlərə məxsus bir sıra şirkətlər də hökumətin milliləşdirmə kampaniyasına məruz qalıb. Təkcə ötən il dövlətin xeyrinə 51,5 milyard dollar dəyərində aktiv müsadirə edilib.

Büdcə vəziyyəti də narahatlığı artırır. Yanvar-iyul aylarında Rusiyanın büdcə kəsiri 6,46 trilyon rubla, yəni təxminən 76,1 milyard dollara çatıb. Bu göstərici bütün il üçün əvvəlcədən proqnozlaşdırılan 3,8 trilyon rublluq kəsirdən xeyli çoxdur.

Bu fonda iri Rusiya şirkətləri də aktivlərini ölkə daxilindəki tənzimləyici nəzarətdən çıxarmağa çalışırlar. Bunun əsas üsullarından biri Qazaxıstan, Qırğızıstan və Ermənistan kimi qonşu ölkələrdə broker hesablarının açılmasıdır.

Rusiyada nağd pula tələbat da artır. Rusiya Mərkəzi Bankının məlumatlarını təhlil edən BBC-nin məlumatına görə, ilin əvvəlindən ölkədə dövriyyədə olan nağd pulun həcmi 1,56 trilyon rubl artıb. Bu, pandemiya dövrü istisna olmaqla, həmin dövr üçün rekord artımdır.

Bundan başqa, rusiyalıların xarici broker hesablarına pul köçürmələrini artırdığı və xarici valyutanı nağd şəkildə almağa daha çox üstünlük verdiyi bildirilir. Bu tendensiya əhalinin ölkədəki iqtisadi və maliyyə vəziyyətlə bağlı narahatlığının gücləndiyini göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930