Ruslar ölkədən kütləvi şəkildə pul çıxarırlar
Rusiyalılar ölkədə rejimin sərtləşdirilməsindən və səfərbərlikdən ehtiyat edərək xarici brokerlərin hesablarına pul köçürmələrini kəskin artırıb, həmçinin kütləvi şəkildə valyuta alırlar.
Qeyd olunur ki, bununla onlar kapitalı ölkədən çıxarmağa, bunu etmək mümkünsüz hala gəlməzdən əvvəl vəsaitlərini təhlükəsiz yerə köçürməyə çalışırlar.
"2024-cü ilin dekabrından iyun ayına qədər ev təsərrüfatları qeyri-rezident brokerlərə təxminən 600 milyard rubl köçürüblər. Bu, əvvəlki yeddi ilin birlikdə göstəricisindən çoxdur. Təkcə aprel-iyun aylarında aylıq köçürmələr 42-45 milyard rubla, yəni 500 milyon dollardan çoxa çatıb", deyə məlumatda qeyd edilir.
Kəşfiyyatın vurğuladığına görə, bu köçürmələrin təxminən 40 faizi faktiki olaraq pulun ölkədən çıxarılması deməkdir. UXKX hesab edir ki, köçürmələrin dörddə biri mümkün köç hazırlığı ilə bağlıdır.
"Buna sanksiyalar və Qərb banklarının Rusiya pullarına münasibətinin getdikcə sərtləşməsi səbəb olur. Xüsusilə ötən ilin sonunda Avropa İttifaqının Rusiyanı çirkli pulların yuyulmasına qarşı mübarizəsi zəif olan ölkələrin qara siyahısına daxil etməsindən sonra bu proses sürətlənib", deyə qurum bildirib.
Bununla paralel olaraq rusiyalılar yenidən nağd valyutanı kütləvi şəkildə almağa başlayıblar. Belə ki, aprel-iyun aylarında əhalinin valyuta alışları təxminən 159 milyard rubla çatıb. Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının ilk aylarından bəri ən yüksək göstəricidir.
"Vətəndaşlar bu rublun bir hissəsini bank hesablarından çıxarıblar. Yanvar-iyul aylarında bank sistemindən təxminən 2 trilyon rubl nağdlaşdırılıb. Təkcə iyulda bu göstərici 620 milyard rubl olub", deyə kəşfiyyat məlumatında qeyd edilir.
UXKX hesab edir ki, rusiyalıların narahatlığı Dövlət Dumasına keçiriləcək seçkilərdən sonra Kremlinin ölkə daxilində rejimi hərbi vəziyyət və ya yeni səfərbərlik səviyyəsinə qədər sərtləşdirə biləcəyi ilə bağlı gözləntilər fonunda artır.
Kəşfiyyatın məlumatına görə, hazırda banklar sanksiyalara baxmayaraq üçüncü ölkələr vasitəsilə Rusiyaya nağd xarici valyuta gətirirlər. Lakin ABŞ Konqresi Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” haqqında qanun qəbul edərsə, bu kanal bağlana bilər.
Qeyd olunur ki, belə olan halda Rusiyanın daxili bazarında nağd xarici valyuta çatışmazlığı yarana bilər. Avropa İttifaqının da analoji addımlar atması halında məhdudiyyətlər avroya da şamil olunacaq.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: