Göygöldə qardaş xalqların birliyi - Fotolar

Göygöldə V Milli Yaylaq Festivalı davam edir.
“Yenisirvanli.info.az” xəbər verir ki, festivalının açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Kamran Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırman, dövlət və özəl qurumların nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər, media nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən RİHB-sı Vüqar Novruzov artıq ənənə halını almış V Milli Yaylaq Festivalının yerli və xarici qonaqların hər il böyük maraqla gözlədiyi, xalqımızın zəngin mədəni irsini, yaylaq həyatını, qədim elat ənənələrini və milli-mənəvi dəyərlərini yaşadan ənənəvi mədəniyyət bayramına çevrildiyini, həmçinin özündə Türk dünyasını birləşdirən, regionların turizm potensialının inkişaf etdirilməsi və mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib bir hissəsi olduğunu qeyd edib. Həmçinin bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli-mənəvi dəyərlərin və tarixi-mədəni irsin qorunmasına yönəlmiş dövlət siyasətinin bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, eyni zamanda I vitse-prezident hörmətli Mehriban xanımın milli-mədəni irsimizin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyət mühüm əhəmiyyət daşıyır.
Rayon rəhbəri Festivalın təşkilində əməyi olan bütün tərəfdaş qurumlara minnətdarlığını bildirərək, layihənin Göygölün turizm potensialının tanıdılmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov, Layihə rəhbəri Müzadil Həsənov, Baş konsul Recep Öztop və digər natiqlər festivalın əhəmiyyətindən bəhs edərək bu cür tədbirlərin milli irsin qorunması, mədəniyyətimizin təbliği və turizmin inkişafı baxımından mühüm rol oynadığını qeyd ediblər.
Festival çərçivəsində “Xan Çadırı”nda xalçaçılıq sənətinin sərgisi, sənətkarlıq guşələri, milli idman növləri üzrə nümayişlər və yarışlar, etnospor və oxatma məşqləri, uşaqlar üçün əyləncə zonaları, konsert proqramları, aşıq musiqisi, folklor kollektivlərinin çıxışları, teatr tamaşaları, yorğa atlarının sərgisi, kəndirbazların və alov püskürənlərin maraqlı nümayişləri, “Yaylaq süfrəsi” və digər tematik məkanlar təşkil olunub.
Ziyarətçilər milli mədəniyyətimizi, qədim el sənətlərini, ənənəvi kənd həyatını və Azərbaycan mətbəxinin zəngin nümunələrini yaxından tanımaq imkanı əldə ediblər. Milli idman növləri və etnospor üzrə təşkil olunan proqramlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Üç gün davam edən festivala ölkənin müxtəlif bölgələrindən, həmçinin 20-dən artıq ölkədən çoxsaylı qonaqlar qatılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: