Dövlət Xidmətinin rəsmisi biometrik məlumatların toplanmasının məqsədlərini izah edib

10-10-2025, 18:21 82 dəfə baxılıb

 

"Biometrik məlumatlar şəxsin bioloji, fiziki və fizioloji xüsusiyyətləri ilə bağlı olduğuna görə bunlar "xüsusi kateqoriyalı fərdi məlumatlar" kimi qiymətləndirilir".


Yenisirvanli.info.az  xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi Elgin Abdullayev "CIDC 2025 - Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan "Səni tanıyan şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları - hansı daha vacibdir?" adlı panel sessiyada çıxışı zamanı deyib.


O bildirib ki, biometrik məlumatların toplanmasının əsas məqsədləri şəxsiyyət vəsiqələrinin verilməsi, sərhəd-keçid məntəqələrində nəzarət, müəyyən cinayət işlərinin istintaqı, əməliyyat-axtarış və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlıdır:


"Lakin bu informasiyaların toplanması zamanı şəxsi məlumatların mühafizəsi məsələsi də ön plana çıxır. Beləliklə, burada balansın qorunması əsas şərtdir".


"Bir tərəfdən, dövlət orqanlarının qanunla müəyyən olunmuş funksiyalarını icra etməsi zəruridir, digər tərəfdən isə toplanan şəxsi məlumatların təhlükəsizliyinin təmin olunması da vacibdir. Bu baxımdan, insan hüquq və azadlıqlarının qorunması əsas prinsip kimi qəbul edilməlidir. Xüsusilə də biometrik məlumatların könüllü razılıq əsasında toplanması prinsipinə riayət olunmalıdır.


Düşünürəm ki, biometrik məlumatlarla bağlı qanunvericilik yalnız informasiyanın toplanmasına deyil, həm də bu məlumatların saxlandığı sistemlərin mühafizəsinə dair də konkret və effektiv tələblər irəli sürməlidir. Şəxsin məlumat verməzdən əvvəl tam şəkildə məlumatlandırılması, hansı məqsədlə məlumatın toplandığının izah olunması təmin edilməlidir.


"Biometrik məlumatlar haqqında" Qanun 2008-ci ildə qəbul edilib. Bu müddət ərzində texnologiyalar və ictimai münasibətlər dinamik şəkildə dəyişib. Biometrik nəzarətin hüquqi əsasları bu dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməlidir. Texnologiyaların inkişafı ilə yaranan yeni risklərə cavab verə biləcək müasir hüquqi mexanizmlərin yaradılması artıq zərurətə çevrilib", - şöbə rəisi əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031