Üç yüz ailə problemlərlə üz-üzə qalıb...

17-04-2025, 11:24 158 dəfə baxılıb

"Biz haqqımızı kimdən tələb edək?"

Məşhur "Abşeron Gənclər Şəhərciyi"nin bitişiyində bir yaşayış binası var: 3 bloklu, 15 mərtəbəli, 300-ə yaxın ailənin məskunlaşdığı bir bina.

"TAC İnşaatçı" MTK tərəfindən inşa olunan bu bina qonşuluqdakı "Akkord"un binalarına nisbətdə keyfiyyətli və üzdən yaraşıqlıdır, amma...

Sakinlərin redaksiyamıza ünvanladıqları məktub "Üstü bəzək, altı təzək" deməyə əsas verir.

Məsələn, sakinlər deyirlər ki, binanın təməli 2014-cü ildə qoyulmağına və 80 faizdən yuxarı ailə məskunlaşmasına baxmayaraq, indiyədək mənzillərə dövlət reyestrindən çıxarış (kupça) verilməyib, sadəcə vəd verilib.

"Polis qapımızı döyür, qeydiyyatımızı tələb edir. Hara qeydiyyata düşək? Kupçamız varmı ki, öz mənzilimizə qeydiyyata düşək? Biabırçılıqdır, halal haqqımızla aldığımız mənzilimizdə kirayəçi kimi yaşayırıq", - deyə sakinlər bildirirlər.

Sakinlərin problemləri bununla da bitmir. Dəfələrlə internet problemi yaşayıblar, dəfələrlə qaz problemi yaşayıblar.

"İnterneti dava-dalaşla həll etdik - başqa provayderlər gəldi, axır ki. Amma qaz məsələmiz bitmir ki, bitmir. Bitişiyimizdə "Abşeron Gənclər Şəhərciyi" var. 84 blokdan ibarət nəhəng kompleks. Hər dəfə bizim 3 blokda qaz kəsilir, amma onların 84 blokunda kəsilmir. Niyə?", - deyə sakinlər sual edirlər.

Və sakinlərin müraciəti belə yekunlaşır:

"İndi də qazsızıq. Bu tufanda, soyuqda, küləkdə donuruq. Binanın qazı kəsilib, amma bir addım o tərəfdə "Akkord"un binalarında qaz var. Biz nə edək, haqqımızı kimdən tələb edək: MTK-dan, yoxsa hökumətdən?".

Müəllif: Ayna.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031