Yeni evlənənlərə hansı güzəştlər oluna bilər? - AÇIQLAMA
"Bu biraz da yeni ailə qurmuş gənclərin tək yaşama istəyindən doğan problemdir. Çünki, elə cütlüklər var ki, ata-ana ilə birlikdə yaşasalar normal şəraitdə evi və təminatının olmağı mümkündür. Amma, dövrümüzün gəncləri daha çox ayrı yaşamağın tərəfdarıdır. Bu ailə münaqişələri baxımından da məqbul vəziyyətdir. Çünki, indi insanlar gün boyu stress və mənfi enerji ilə yüklənirlər ki, bu axşam evə döndükdə ailə daxilində münaqişələrinin yaranmasına da səbəb olur. Bu baxımdan ayrı yaşamaqları da başa düşüləndi və bu vəziyyətdə təbii ki, başqa bir problem doğur. Qeyd etdiyim problem isə ev məsələsidir".
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri sosioloq Lalə Mehralı danışıb.
O, açıqlamasında qeyd edib ki, biz, çox istəyirik ki, bununla bağlı müzakirələr aparılsın, qaydalar tətbiq edilsin ki, evsiz ailələrin əksəriyyəti də ev sahibi ola bilsin:
"Gənclər ona görə çətinlik çəkirlər ki, bu gün onların əksəriyyəti kirayə evlərdə yaşayır. Ev almaq məsələsi hər kəs üçün əlçatan deyil, çünki, şərtlər çətindir, qiymətlər bahadır. Yəni, az sayda elə ailələr var ki, o şərtlərin öhdəsindən gəlsin. Belə olan halda da təbii ki, evlənməklə bağlı da ciddi problemlər yaşanır. Bu zaman da yeni evlənənlərə güzəştli kredit və yaxud da güzəştli şərtlərlə mənzil məsələsi gündəmə gəlir. Dünyanın bir çox ölkəsində bununla bağlı tətbiqetmə var. Xüsusilə də, gəncləri ölkənin demoqrafik artımına təşviq etmək üçün evlənərkən dövlət tərəfindən xüsusi pul ayrılması və güzəştli şərtlərlə mənzilə sahib olması, yeni doğluna uşaqlara dövlət tərəfindən müavinət və uşaq pullarının verilməsi vəs. məsələlər realdır. Dövlətlər çalışır ki, öz əhalisinin problemlərini həll etsin ki, onlar da nəsl artırmağa maraqlı olsun. Təəssüf ki, Azərbaycanda ev məsələsi ciddi problemdir. Nəinki, yen ailə quranlar, evlənib 20-25 il kirayədə yaşayan və artıq ahıl yaşına çatan ailələr də çoxdur. Biz, çox istəyirik ki, bununla bağlı müzakirələr aparılsın, sadaladıqlarım tətbiq edilsin ki, evsiz ailələrin əksəriyyəti də ev sahibi ola bilsin. Ev probleminə görə evlənə bilməyən gənclər ailə qura bilsin. Çünki, bu həqiqətən də günümüzün ciddi problemlərindəndir".
Yenisirvanli.İnfo.Az