"Çoxuşaqlı anaların erkən yaşda pensiyaya çıxması ilə bağlı qərar qəbul oluna bilər" - AÇIQLAMA
"Çoxuşaqlı anaların erkən yaşda pensiyaya çıxması praktikası bir çox ölkə qanunvericiliyində nəzərdə tutulur və praktikada tətbiq olunur. Rusiya, Ukrayna, Polşa, Macarıstan və s. kimi bir sıra ölkədə bu praktikalar hazırda aktivdir. Hətta Polşada 4 və ya daha çox uşaq böyütmüş analara yaşından asılı olmayaraq dövlət tərəfindən minimum pensiya verilir. Azərbaycanda da bu kimi yanaşmaların tətbiq olunması ehtimal daxilindədir. Təzəlikcə Milli Məclisin iclasında millət vəkili Vüqar Bayramovun bu tipli bir təklif irəli sürdüyünü də bilirik".
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri sosioloq Yusif Nəbiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, 4 və daha artıq övladı olan analara minimal pensiya məbləği ömürlərinin sonuna qədər verilməli və ya daha tez təqaüdə çıxmaq imkanı yaradılmalıdır:
"Mümkündür ki, müzakirələrdən sonra belə bir qərar qəbul olunsun. Hazırda ölkəmizdə çoxuşaqlı analar daha tez təqaüdə çıxa bilirlər, amma problem budur ki, hazırki qanunvericiliyimə görə "çoxuşaqlı" anlayışı altıdan çox övladı olan analara şamil olunur. Düşünürəm ki, bu yanaşma artıq zamanın tələbləri ilə ayaqlaşmır. Qlobal müasir tendensiya göstərir ki, ailələr getdikcə "təkuşaqlı ailə" statusuna doğru təkamül edirlər. Belə bir şəraitdə hətta 3 uşaqlı ana belə "çoxuşaqlı" sayıla bilər. Zənnimcə çoxuşaqlılıq anlayışında düzəliş edilməli və bu statusa yiyələnmək üçün tələb olunan övlad sayı heç olmasa 4-ə endirilməlidir. Müvafiq olaraq 4 və daha artıq övladı olan analara ya minimal pensiya məbləği ömürlərinin sonuna qədər verilməli (Polşa misalında olduğu kimi), ya da ən azından, daha tez təqaüdə çıxmaq imkanı (normadan 10 il daha tez) verilməlidir".
Yenisirvanli.İnfo.Az